|
20 Yanvar bizim şərəf günümüzdür
20 yanvar tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi tərəfindən “20 Yanvar- Milli matəm günü” ilə bağlı bir sıra tədbirlər keçirilmişdir. Günün birinci yarısında Səfirliyin əməkdaşları, dövlətimiz adından Gürcüstan Parlamentinin sədr müavini Paata Davitaya, Azərbaycan biznes strukturlarının, soydaşlarımızın və KİV nümayəndələrinin iştirakı ilə Tbilisidəki Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin büstü önünə əklil qoyulmuş və gül-çiçək dəstələri düzülmüşdür.
Sonra isə İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) “Gənclər Təşəbbüs Qrupu” “Azərbaycanın Dostları Klubu” auditoriyasında “20 Yanvar- Milli matəm günü” ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə “Gənclər Təşəbbüs Qrupu” təşkilatının üzvü Ramilə Əliyeva açmış, bu günlə əlaqədar hazırladıqları 20 yanvar hadisələrini əks etdirən CD diski və press-relizi tədbirin sonunda qonaqlara paylayacaqlarını bildirmiş, bu günlə bağlı öz fikirlərini bölüşdükdən sonra bu tədbirə keçirilməsi üçün göstərdiyi dəstəyə görə Səfir cənab Namiq Əliyevə minnətdarlıq etmiş və sözü ona vermişdir.
N.Əliyev 20 Yanvar hadisələrinin canlı şahidi kimi iştirakçılara öz ağrılı xatirələrini danışmış və bu çətin gündə Ümummilli Liderimizin Moskvada Azərbaycan evinə gələrək öz zamanında İmperiyaya qarşı ən sərt bəyanatını vermiş, xalqı ilə həmrəy olduğunu bidirmişdir. O da gənclərə tövsiyyə etmişdir ki, bu məğrurluqdan örnək götürməli, millətinin gələcəyi naminə daim belə qətiyyətli olmalıdırlar.
Daha sonra TDU-nun rektoru, professor Q.Xubua çıxış etmiş, iştirakçıları salamladıqdan sonra bu cür tədbirlərin keçirilməsində gənclərin də təşəbbüs göstərməsini fərəhləndirici hal kimi qeyd etmişdir. Bundan əlavə, o, gələcəkdə iki ölkənin universitetləri arasında tələbə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğun olmasını bildirmişdir. Q.Xubua “Azərbaycanın Dostları Klubu” auditoriyasının yüksək zövqlə təmir edilməsi və burada müxtəlif elmi-praktik tədbirlərin keçirilməsi üçün hər cür şəraitin yaradılmasında yaxında köməklik göstərdiyi üçün Azərbaycan Respublikasına və Səfirliyə, eləcə də şəxsən Səfirə böyük minnətdarlığını bildirmiş və hətta bir sıra ölkələrin səfirlərinin bu auditoriyaya həsəd apardıqlarını da dilə gətirmişdir.
Bundan əlavə, tədbirdə “20 yanvar” hadisələri ilə bağlı deputat R.Bayramov, Gürcüstan Prezidentinin müşaviri M.Qarayev, “Gənclər Təşəbbüs Qrupu” təşkilatının üzvləri Zaur Darğallı, Emin Əhmədov, Rəna Nurəhmədova, İ.Cavaxişvili adına TDU-nun hüquq fakültəsinin I kurs tələbəsi Orxan Əliyev və digər qonaqlar iştitakçılarla öz fikirlərini bölüşmüşlər.
Tədbirin sonunda isə Səfir təşrif buyurduqları üçün iştirakçılara bir daha öz minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, “Azərbaycanın Dostları Klubu” auditoriyası da məhz azərbaycanlı tələbə, müəllim, ziyalıların və ümumiyyətlə Azərbaycanın bütün dostlarının bir araya gətirilməsindən ötrü müvafiq elmi-praktiki tədbirlərin keçirilməsi üçün yaradılmışdır.
Tədbirdə “Gənclər Təşəbbüs Qrupu” tərəfindən hazırlanmış, 20 Yanvar hadisələri və Azərbaycan Respublikasının siyasi və iqtisadi nailiyyətlərinə həsr olunmuş, təqdimat xarakterli film də nümayiş edilmişdir.
Tədbirdə qonaqlara “Gənclər Təşəbbüs Qrupu” tərəfindən 20 yanvar hadisələrini əks etdirən CD-lər və “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” paylanmışdır.
Günün ikinci yarısında Gürcüstanın Qardabani rayonundakı “Azərbaycan-Gürcü Dostluq Evi”ndə də “20 Yanvar-Milli matəm günü” ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbir rəsmilərin və ictimaiyyətin nümayəndələri öz fikirlərini iştirakçılarla bölüşdükdən sonra, Qardabani şəhər 3 saylı Azərbaycan orta məktəbinin şagirdlərinin təşkil etdiyi, şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə yekunlaşmışdır.
|